Şubə ibn Həccac: "Hz.Əlidən elə bir hədis bilirəm ki, əgər onu sizə nəql etsəm rafizi olarsınız"

Əhməd ibn Hənbəl özünün “əl-İləl və mərifət ər-Rical” kitabında belə nəql edir:

5569 - حَدثنِي مُحَمَّد بن عبد الله قَالَ حَدثنَا أَبُو دَاوُد عَن شُعْبَة قَالَ لقد حَدثنَا الحكم عَن عبد الرَّحْمَن بن أبي ليلى عَن عَليّ بِشَيْء لَو حدثتكم لرقصتم وَالله لَا تسمونه مني أبدا

5569 - Mənə Muhəmməd ibn Abdullah nəql edib dedi: bizə Əbu Davud Şubənin belə dediyini nəql etdi: “bizə Həkəm, Əbdür-Rəhman ibn Əbi Leyladan, o da Əlidən elə bir şey nəql etdi ki, əgər onu sizə nəql etsəm rəqs edərsiniz. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz.”

Bunun ardınca, Əhməd ibn Hənbəl növbəti hədisdə deyir:

5570 - وَحدثنَا بِهِ مَحْمُود بن غيلَان مثله وَقَالَ لترفضتم

5570 - Bizə Mahmud ibn Ğəylan eyniylə bunun kimi (başqa bir rəvayət) nəql etdi ki, orada “...rafizi olarsınız” sözü gəlmişdir.

Bu rəvayətin ardınca deyilir:

قَالَ أَبُو عَبْد الرَّحْمَن وَهُوَ أشبه

Əbu Əbdür-Rəhman (Əhməd ibn Hənbəlin oğlu Abdullah ibn Əhməd) dedi: “Bu daha dəqiqdir.”

 

Fotoşəkil: əl-İləl və mərifət ər-Rical, c.3, səh.354, h.5569 və h.5570; əl-Məktəbə əl-İslamiyyə/Dar əl-Cani, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1408/1988; təhqiq: Vəsiyullah Muhəmməd Abbas

Buna əsasən, Abdullah ibn Əhməd də təsdiq edir ki, rəvayətin səhih şəkli belə olur:

Şubə dedi: “bizə Həkəm, Əbdür-Rəhman ibn Əbi Leyladan, o da Əlidən elə bir şey nəql etdi ki, əgər onu sizə nəql etsəm rafizi olarsınız. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz.”

SUALLAR VƏ İRADLAR:

1) Şubənin açıqlamadığı o söz nədir?

2) Hansı əsasla Şubə o sözü gizlətmişdir?

3) Şubənin “əgər onu sizə nəql etsəm rafizi olarsınız. Allaha and olsun ki, heç vaxt onu məndən öyrənə bilməyəcəksiniz” sözündən belə başa düşülür ki, İmam Əlinin (əleyhis-səlam) buyurduğu o kəlam son dərəcə mühüm önəmə malik imiş. Elə bir həddə ki, Şubənin iddiasına əsasən, o sözü nəql etdiyi təqdirdə ətrafındakı şəxslər rafizi, yəni, qatı Əhli-Beyt tərəfdarı olarmışlar!

4) Şubənin İmamın (əleyhis-səlam) sözünü nəql etməməsini iki cür başa düşülə bilər:

Birinci: İmam hər nə söz deyibmişsə, batil bir söz deyibmiş və buna görə də Şubə insanlar azğınlığa düşməsinlər deyə o sözü nəql etməkdən çəkinmişdir. Əgər belə olarsa, o zaman şübhə yoxdur ki, Şubə ədalətdən düşmüş olur. Çünki, o bu hərəkəti ilə açıq-aşkar Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əhli-Beytindən və Peyğəmbərin ən üstün səhabələrindən olan bir şəxsi təhqir etmiş olur; onun insanları azdıracaq sözlər danışdığını demiş olur.

İkinci: İmam hər nə söz demişsə, haqq söz demişdir və Şubə insanların haqq arxasınca getməsindən qorxaraq bu sözü deməkdən çəkinmişdir. Əgər belə olarsa da, o zaman da gün kimi aydındır ki, Şubə yenə ədalətdən düşmüş olur. Çünki, o bu hərəkəti ilə Qurana, sünnəyə müxalifət etmiş, haqq sözü çatdırmaqdan çəkinmiş və insanların zülmət içərisində qalmasına razı olmuşdur. Allahu-təala buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir” (Nisa surəsi, 58). Şubə bu hərəkəti ilə əlindəki əmanətə xəyanət etmişdir.

5) Hansı əsasla, “...rafizi olarsınız” sözü “...rəqs edərsiniz” sözünə dəyişdirilmişdir? Məgər, İmam Əli (əleyhis-səlam) rəqs ediləcək söz danışan bir şəxsdirmi? Məgər həzrətin sözünün gizlədilməsi kifayət etmirdimi ki, bu sözün doğuracağı nəticə də gizlədilir? Şübhəsiz ki, bütün bunların haqq-hesabı vardır.

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Muhəmməd ibn Abdullah əl-Məxrəmi

İbn Həcər əl-Əsqəlani, Əbi Hatim ər-Razi, ən-Nəsai, əd-Darqutni onun siqə olduğu, əz-Zəhəbi onun imam, əllamə, hafiz və səbt olduğunu demişlər.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 9/272, 454-cü ravi; “Təqrib ət-Təhzib”, 1/490, 6045-ci ravi; “Siyər əlam ən-nubəla”, 12/265, 101-ci ravi

2. Mahmud ibn Ğəylan

İbn Həcər əl-Əsqəlani, ən-Nəsai, Məsləmə əl-Mərvəzi onun siqə olduğunu, əz-Zəhəbi onun imam, hafiz, höccət olduğunu demişlər.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 10/64, 109-cü ravi; “Təqrib ət-Təhzib”, 1/522, 6516-ci ravi; “Siyər əlam ən-nubəla”, 12/223-224, 77-ci ravi

3. Əbu Davud ət-Təyalisi

“əl-Müsnəd” kitabı var. İbn Həcər əl-Əsqəlani, Əhməd ibn Hənbəl, əl-İcli, ən-Nəsai, İbn Adiy, İbn Səd onu siqə hesab etmişlər.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 4/182-186, 316-cı ravi; “Təqrib ət-Təhzib”, 1/250, 2550-ci ravi; “Siyər əlam ən-nubəla”, 9/378-384, 123-cü ravi

4. Şubə ibn Həccac ibn əl-Vərd

İbn Həcər əl-Əsqəlani, əl-İcli, İbn Səd kimi alimlər onu siqə hesab ediblər. Hədisdə “əmir əl-muminin” hesab edilir. Əz-Zəhəbi onun imam, hafiz, hədisdə əmir əl-muminin olduğunu qeyd edib. Əhli-sünnənin 6 məşhur kitabının (Kutubi-sittə) ravisidir.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 4/338-346, 590-cı ravi; “Təqrib ət-Təhzib”, 1/266, 2790-cı ravi; “Siyər əlam ən-nubəla”, 7/202-228, 80-cı ravi

5. Həkəm ibn Uteybə

İbn Həcər əl-Əsqəlani, İbn Məhdi, İbn Məin, Əbi Hatəm, ən-Nəsai, İbn Səd, Yaqub ibn Sufyan kimi alimlər onun siqə olduğunu deyiblər. Əz-Zəhəbi onun böyük imam olduğunu yazıb. Əhli-sünnənin 6 məşhur kitabının (Kutubi-sittə) ravisidir.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 2/432-434, 756-cı ravi; “Təqrib ət-Təhzib”, 1/175, 1453-cü ravi; “Siyər əlam ən-nubəla”, 5/208-213, 83-cü ravi

6. Əbdür-Rəhman ibn Əbi Leyla

Tabeindəndir. İbn Həcər əl-Əsqəlani, İbn Məin və əl-İcli onun siqə olduğunu bildiriblər. Əz-Zəhəbi onu imam, əllamə, hafiz və fəqih kimi vəsf edib. Əhli-sünnənin 6 məşhur kitabının (Kutubi-sittə) ravisidir.

Əlavə məlumat üçün bax: “Təhzib ət-Təhzib”, 6/260-262, 518-ci ravi; “Təqrib ət-Təhzib”, 1/349, 3993-cü ravi; “Siyər əlam ən-nubəla”, 4/262-267, 96-cı ravi

Beləliklə, məlum olur ki, rəvayətin sənədi təmamilə səhihdir.

В этом разделе