»»»

"Allah Əbu Bəkrin adını göydən Siddiq olaraq endirmişdir" hədisi

Osman əl-Xəmis özünün "Hiqbə min ət-Tarix" kitabının 57-ci səhifəsində Əbu Bəkrin nəsəbi haqqında olan bölmədə yazır:

قال علي بن أبي طالب رضي الله عنه : "إن الله أنزل اسم أبي بكر من السماء : الصديق ، وكان يحلف على ذلك"

Əli b. Əbu Talib (r.a) dedi: "Allah Əbu Bəkrin adını göydən Siddiq olaraq endirdi."

Daha sonra hədisin haşiyəsində yazır:

أخرجه الطبراني في " المعجم الكبير " (55/1) ، وذكره الحافظ ابن حجر في " الفتح " (11/7) وقال : " رجاله ثقات ".

ət-Təbərani "əl-Mucəm əl-kəbir" kitabında (1/55) nəql etmişdir, Hafiz İbn Həcər isə "Fəth əl-bari" kitabında (7/11) zikr etmiş və ricalının siqa olduğunu bildirmişdir.

 

Fotoşəkil: Osman əl-Xəmis, Hiqbə min ət-Tarix, s.57, Məktəbə əl-İmam əl-Buxari - 2006-cı il

Əslində bizim üçün Osman əl-Xəmisin bu hədis, həmçinin sevimli şeyxləri barədə digər hədislər barədə fikirləri əhəmiyyət kəsb etmir. Sadəcə olaraq, biz onun ikiüzlülüyünü və Əhli-beyt (ə.s)-a düşmənçiliyini göstərmək istəyirik.

İddia edilən hədis ət-Təbərani tərəfindən "Mucəm əl-kəbir" kitabında "Əbu Bəkrin nəsəbi və adı" fəslində zikr edilmişdir:

دَّثَنَا مُعَاذُ بن الْمُثَنَّى ، حَدَّثَنَا عَلِيُّ بن الْمَدِينِيِّ ، حَدَّثَنَا إِسْحَاقُ بن مَنْصُورٍ السَّلُولِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بن سُلَيْمَانَ الْعَبْدِيُّ ، عَنْ هَارُونَ بن سَعْدٍ ، عَنْ عِمْرَانَ بن ظَبْيَانَ ، عَنْ أَبِي يَحْيَى حَكِيمِ بن سَعْدٍ ، قَالَ : سَمِعْتُ عَلِيًّا رَضِيَ اللَّهُ عَنْهُ يَحْلِفُ : لَلَّهُ أَنْزَلَ اسْمَ أَبِي بَكْرٍ مِنَ السَّمَاءِ الصِّدِّيقُ.

ət-Təbərani, Mucəm əl-kəbir, c.1, s.55, №14 - onlayn

Hədisin sənədi: Muaz b. Musənnə - Əli b. əl-Mədini - İshaq b. Mənsur - Muhəmməd b. Suleyman əl-Əbdi - Harun b. Sad - İmran b. Zəbyan - Əbi Yəhya Həkim b. Sad - Əli b. Əbu Talib (ə.s) ....

1. Muhəmməd b. Süleyman əl-Əbdi - məchuldur.

İbn Əbu Hatim dedi: eşitdim ki, atam dedi: o, məchuldur. (əl-Cərh vət-Tədil, c.7, s.269, №1473)

İbn Hibban onu "əs-Siqat" kitabında zikr etmiş və halı barədə bir söz qeyd etməmişdir. İbn Hibbanın məchul ravilər barədə sözləri isə əhli-sünnə alimləri tərəfindən etibarsız sayılır.

2. İmran b. Zəbyan - zəifdir.

əl-Buxari deyib: fihi nəzər. Əbu Hatim deyib: hədisləri yazılar. İbn Hibban onu etibarlı ravilər haqqında olan "əs-Siqat" kitabında zikr edib. Həmçinin zəif ravilər haqqında olan "əd-Duafa" kitabında da zikr edib. əl-Aqili və İbn Adiy onun adını zəif ravilər haqqında olan "əd-Duafa" kitablarında zikr etmişdirlər. (İbn Həcər, Təhzib ət-təhzib, c.8, s.118, №230)

İbn Həcər əl-Əsqəlani deyib: zəifdir. (İbn Həcər, Təqrib ət-təhzib, s.429, №5158)

Bizə ən çox maraqlı gələn odur ki, niyə Osman əl-Xəmis Əhli-beyt (ə.s)-ın fəzilətləri barədə gələn hədislər haqqında əhli-sünnə alimlərinin "səhih" deməkləri ilə razılaşmayaraq (məsələn, səqəleyn) onların ravilərinə irad tutur, ancaq bu hədisə gələndə tərəddüdsüz ona istinad edir?

Bu cür zəif hədisə sadəcə İbn Həcər əl-Əsqəlaninin "raviləri siqadır" sözlərini qeyd etməklə kifayətlənən şəxs nə üçün Səqəleyn hədisinə gəldikdə həmin İbn Həcərin sözlərinə göz yumur? İbn Həcər Əbu Bəkr barədə hədislərə müsbət rəy verəndə güclü hədisşünas olur, ancaq Əhli-beyt (ə.s) barədə hədislərə müsbət rəy verəndə yaddan çıxır? Həmin İbn Həcər Səqəleyn hədisini səhih hesab etməmişdimi? (Mətalib əl-Aliyə, c.11, s.230, №4043)

Əziz oxucular, nəticə çıxarmağı sizin öhdənizə buraxırıq.

В этом разделе