İmam Sadiqin (ə) hindli həkimlə söhbəti

Əbul-Abbas Taliqani öz istinadı ilə belə nəql etmişdir: “İmam Sadiq (ə) bir gün Mənsurun (l.ə) məclisinə daxil oldu. Orada hind əhlindən olan bir nəfər var idi ki, tibbi kitablar oxuyurdu.

İmam (ə) onun oxuması üçün bir qədər sükut etdi və heç nə demədi. Hindli oxuyub bitirdikdən sonra ona (İmama) dedi: “Ey Əbu Abdullah, mənimlə olandan bir şey istəyirsən? (Yəni, tibb elmindən sənə öyrətməyimi istəyirsən?). İmam Sadiq (ə) buyurdu: “Xeyr, çünki məndə elə bir şey var ki, səninlə olandan daha üstündür”. Hindli soruşdu: “O nədir elə?”. İmam Sadiq (ə) buyurdu: “İstini soyuqla, soyuğu isti ilə, nəmliyi quruluqla, quruluğu nəmişlik ilə dəva edir və məsələnin hamısını Allaha qaytarıram (yəni şəfanı Ondan umuram). Mən Allah Rəsulunun (s) demiş olduqlarından istifadə edirəm. Bilirəm ki, mədə xəstəliyin mərkəzi, pəhrizkarlıq isə, dəvanın özüdür. Bədəni alışdığı şeyə (yaxud da, adət etməli olduğu şeyə) adət etdirirəm”. Hindli dedi: “Tibb elə budur, başqa bir şey deyil”. İmam Sadiq (ə) buyurdu: “Elə bilirsən ki, bu göstərişləri tibb kitabından əxz etmiş və istifadə etmişəm?”. Hindli dedi: “Bəli”. İmam (ə) buyurdu: “Bu cür deyil. Allaha and olsun ki, bu düsturları yalnız Allahdan əxz etmişəm”. Sonra İmam (ə) soruşdu: “Onda, de görüm, mən tibb elmindən daha agaham, yoxsa sən?”. Hindli dedi: “Əlbəttə mən”. İmam (ə) dedi: “Sənə sual verim?”. Hindli dedi: “Ver”. 

İmam (ə) soruşdu: “Nə üçün başda bir neçə sümük var və bir-biri ilə birləşik haldadır(lar və başın bir sümükdən təşəkkül tapmamasının səbəbi nədir)?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün saç başın üzərində yaradılmışdır?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün alında tük bitmir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün alında xətt və cizgilər var?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün qaşlar gözlərin yuxarısındadır?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün gözlərin quruluşu badam şəklində edilmişdir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün burun iki gözün arasındadır?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün burunun deşikləri aşağı hissədə qərar tutmuşdur?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün dodaq və bığ ağızın üstündə qərar tutmuşdur?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün qabaq dişlər iti, azı dişlər enli, köpək dişləri isə uzun olur?”.

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün kişilərin saqqalı var?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün əllərin içində tük yoxdur?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün dırnaq və tükdə canlılıq yoxdur (ruhsuzdur)?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün ürək sənubər dəni şəklindədir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün ağciyər iki hissədən ibarətdir və onun hərəkəti öz yerində qərar verilmişdir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün qaraciyər əyri şəkildədir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün böyrək lobya şəklindədir?”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün diz qapaqları hərəkət etdikdə arxaya tərəf gedir?”.

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) soruşdu: “Nə üçün ayağın ortası yerə çatmır (və təkcə qabaq və arxa hissəsi (daban) yerin üzərinə qoyulur?)”. 

Hindli dedi: “Bilmirəm”. 

İmam (ə) dedi: “Mən isə, bu sualların cavablarını bilirəm”. Hindli dedi: “Onda, cavabları bəyan et”. İmam (ə) buyurdu: “Başın bir sümükdən ibarət olmaması, əksinə bir neçə sümük hissəsinin bir-birinə bitişik olaraq təşkil tapmasının səbəbi odur ki, içi boşdur. Əgər bir neçə hissədən ibarət olmasaydı, sınıqlıq (yaxud, baş ağrısı) ona daha sürətlə yetişərdi. Bir neçə hissədən edildiyinə görə, sınıqlıq ondan daha uzaqdır. Saçın başın üzərində qərar tutmasının səbəbi odur ki, yağları beyinə çatdırsın. Ətrafı ilə buxarı oradan çıxartsın və beyinə daxil olan istilik və soyuqluğu ondan uzaqlaşdırsın. Alının tüksüz olmasının səbəbi odur ki, o (alın) nurun gözlərə töküldüyü yerdir. Orada ona görə xətt və cizgilər yaradılmışdır ki, başdan gələn tərin gözə süzülməsinin qarşısını alsın. O miqdarda saxlasın ki, insan onu üzərindən silib ata bilsin. Bu, yer üzərində çaylara bənzəyir ki, suları (özündə) saxlayır. Qaşlar ona görə gözlərin yuxarısında qərar verilib ki, nurdan onların üzərinə kifayət edəcək miqdar yetişsin. Ey Hindli, məgər görmürsən ki, işıq kimin gözünü qamaşdırsa, əlini gözlərinə tutur ki, onlara kifayət edəcək miqdarda işıq gəlsin? Burun ona görə gözlərin arasında qərar tutub ki, işığı hər bir gözə bərabər şəkildə bölsün. Göz ona görə badamvaridir ki, orada dəva ilə mil hərəkət edə bilsin (yəni, gözə dərman tökdükdə rahat şəkildə yayılsın) və xəstəlik oradan çıxa bilsin (tullantılar ifraz olunsun). Əgər dördbucaq, yaxud dairəvi şəkildə olsaydı, orada mil hərəkət edə bilməz, həmçinin oraya dərman çatmaz və oradan xəstəlik çıxmazdı. Burun deşikləri ona görə aşağısında qərar verilib ki, beyindən aşağı enən mərəzlər oradan çıxsın. Həmçinin, qoxulanan yerə qoxular qalxa bilsin. Əgər burun deşikləri burunun yuxarısında olsaydı, nə mərəz enə bilərdi, nə qoxu duya bilərdi. Bığ və dodaq ağızın üzərində ona görə qərar tutub ki, beyindən süzülən şeyləri ağıza buraxmasın. Bununla da, insanın yemək və içməyi korlanmasın. Onu özündən uzaqlaşdıra bilsin (belə ki bığ və dodaqlar burundan gələn mayenin və sair maneələrin qarşısını alır və insanın ağzına dolmur. İnsan da rahatlıqla onu özündən uzaqlaşdıra bilir). Kişilərin ona görə saqqalı var ki, onun vasitəsilə nəzər salınmaq baxımından üzəri açılmaqdan ehtiyacsız olsun (yəni, daha başqa yolla müayinə edilməsin ki, bu kişidir, yoxsa qadın). Habelə, kişi saqqal vasitəsilə qadından ayırd edilə bilinsin. Diş ona görə kəsici olaraq qərar verilib ki, onunla (qabaq dişlər vasitəsilə) dişlək atılır. Azı dişlər o səbəbdən enlidir ki, (yemək) onunla əzilir və çeynənilir. Köpək dişlərinin uzun olmasının səbəbi isə, azı və qabaq dişlərin möhkəm olmasına görədir. O, binanın dirəyi rolunu oynayır (və məhz köpək dişlərinin sayəsində digər dişlərin üzərinə güc düşmür). Ovucun içi ona görə tüksüzdür ki, onlarla toxunmaq mümkün olsun. Əgər ovucun içində tük olsaydı, insan dəydiyi, toxunduğu şeyləri anlaya bilməzdi. Saç və dırnağın cansız olmasının səbəbi odur ki, onların uzunluğu çirkinlikdir, qəbih olur, amma qısa olduqda gözəl hesab olunur. Əgər onlarda dirilik olsaydı, insan onları kəsdikdə ağrıya mübtəla olardı. Qəlbin sənubər dəni formasında olması, aşağı salınan şəkildə olmasına görədir. Onun başı incə şəkildə qərar verilmişdir ki, ağciyərlərin arasına daxil ola bilsin. Ağciyərin sərinliyi ilə o da sərinləşsin və bununla beyin qəlbin hərarətindən yanmasın. Ağciyər ona görə iki parçalı edilmişdir ki, sıxılmış yerinə daxil olsun və ondan hərəkəti sayəsində sərinləşsin. Qaraciyərin əyri formada olması mədəni ağırlaşdırması üçündür. Onun hamısı üzərinə düşür və onu sıxır. Nəticədə orada nə qədər buxar varsa çıxır. Böyrəyin lobya şəklində olmasının səbəbi, məninin nöqtəbənöqtə süzülən yeri olmasıdır. Əgər dördbucaq, yaxud dairəvi şəkildə olsaydı, birinci nöqtə ikincini tutub saxlayardı. Onun çıxması ilə diri ləzzət apara bilməzdi. Məni kürəyin fəqərələrindən böyrəyə enir. O, bir böcək kimidir ki, yığılır və yayılır. Onu bir-birinin ardınca sidik yoluna atır - yaydan çıxmış güllə (ox) kimi. Diz qapaqları ona görə arxaya tərəf edilmişdir ki, insan qarşısında gedərkən hərəkəti nizamlaya bilsin. Əgər belə olmasaydı, gəzərkən yıxılardı. Qədəmin (ayaq) pəncə və daban hissəsinin yerə dəyib ortasının dəyməməsi ona görədir ki, bir şeyin hamısı yerə düşdükdə dəyirman daşının ağırlığı kimi ağır olar. Əgər bir tərəfi üzərində olsa, onu uşaq da dəf edə bilər. Üzü üstə düşsə, adama onu hərəkət etdirmək çətin gələr”. Hindli dedi: “Bu elm sənə haradandır?”. İmam (ə) buyurdu: “Mən onu öz ata-babalarımdan (ə) əxz etmişəm. Onlar Allah Rəsulundan (s), o, Cəbraildən (ə) o da cəlalı uca olan aləmlərin Rəbbindən əxz etmişdir. O Allah ki, cəsəd və ruhları xəlq etmişdir”. Hindli dedi: “Düz deyirsən. Mən də şahidlik edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhəmməd (s) Onun Rəsulu və bəndəsi, sən isə zəmanənin əhlindən ən bilikli olan kəssən”.

Şeyx Səduq, “İləluş-Şəraye”, cild 1, bab 87, səhifə 101, 102 və 103, hədis 1.