Hədis elmi

Cərh
lüğətdə "yaralamaq, təsir etmək, bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.

Hafiz
"əzbərləyən, muhafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir.

Hakim
lüğəti mənası "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir.

Həsən
Luğətdə "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var.
Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. (İbn Həcər, Nuxbətul-fikr, s.24)
Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.

Höccət
lüğətdə "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir.
Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir.
İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir.

Müvəssəq hədis
Əhli-beyt (ə.s) məktəbinin hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır.

Mühəddis
rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir. "Müsnəd"dən yüksək, "hafiz"dən aşağı dərəcədir.

Ravi
bir xəbəri, rəvayəti danışan, nəql edən şəxsdir.

Rical
hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadədir. "Bu hədisin ricalı siqədir" dedikdə, hədisin sənədini təşkil edən ravilər qəsd edilir.

Səduq
"doğrudanışan" deməkdir.

Siqə
hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəiyyət kəsb edir.

Səbt
sabit və sağlam mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. "Səbtun" şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, "səbtun-səbtun" şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir.

Tədil
ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hğkmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir.Məsələn: siqə, səduq, mutqin və s. Azərbaycanca qarşılığının "tərifləmək" olduğunu söyləmək mümkündür.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!